Search This Blog

Wednesday, December 29, 2010

Hüseyn Cavidin “İBLİS” faciəsinin əsas qayəsi



Azərbaycanın bədii-ictimai fikir tarixində ölməz yer tutan, öz əsərlərində humanist ideallara, gözəlliyə, həqiqətə, xeyirxahlığa, əmin-amanlığa çağıran, Azərbaycan romantizminin inkişafında özünəməxsus mərhələ olan filosof-şair Hüseyn Cavid irsi nə qədər tədqiq edilsə də, bütün dövrlərdə diqqəti cəlb etmiş, öz dövrünü, zamanını çox-çox qabaqlayan universal zəka sahibinin ümumbəşəri ideyaları həmişə tədqiqat obyekti olmuşdur.
Azərbaycan ədəbi-tənqidi fikri Hüseyn Cavidin poetik-dramatik yaradıcılığına ədibin sağlığında müraciət etmişdi. Ancaq onun ictimai ideya axtarışlarında olan müxtəlif qatların açılmasından əslində yan keçilmişdi.
Hələ 1926-cı ildən başlayaraq Cavidin yaradıcılığını diqqətlə izləyən Mustafa Quliyev şairin ayrı-ayrı əsərlərinin təhlilinə xüsusi məqalələr həsr etmiş, incəsənət və ədəbiyyata aid yazdığı bir sıra başqa məqalələrində şairin hər bir yeni əsərinə öz münasibətini bildirməyə çalışmışdır.
Mustafa Quliyev özünəməxsus yaradıcılıq yolu olan Cavidi yüksək qiymətləndirirdi və bildirirdi ki, Cavid kimi orjinal bir sənətkarı zorakılıqla müasir ədəbi həyatdan uzaqlaşdırmaq, əsassız olaraq onu düşmən cəbhəsinə atmaq, eyni zamanda başqa məqsədlərlə şairin nüfuzundan sui-istifadə etmək yanlışlıqdır.
30-cu illərdə Cavidin romantizmi məsələsi üzərində düşünən Mehdi Hüseyn yazırdı: “Cavidin romantizmi çox zaman canlı həyatdan uzaqlaşmağa meyl göstərən sənetkarın romantizmi olmuşdur, lakin bu heç də Cavidin fantaziya aləminə qapılmış olduğunu iddia etmək deyil” .
Tənqidçinin fikri Cavidin yaradıcılıq üsulu ilə real həyat arasında təzadı vurğulamağa yönəlmişdi. Əslində romantika ilə reallığın ziddiyyətdə olması təbii haldır. Mehdi Hüseynin bu nöqtəni vurğulaması gerçəkliyin əksinə deyildi. Sonralar tənqidçi bu istiqamətdə nəzəri təhlilini obyektiv həqiqətə uyğun olaraq dəqiqləşdirməyə çalışmışdır. Yeri gəlmişkən, xatırlanan tənqidçi hələ gənclik illərində Cavidin yaradıcılığına xeyirxah münasibət bəsləmişdi.
Görkəmli tənqidçinin Cavidə bu münasibətinin o dövr üçün müsbət meyl olduğu göstərilir. Bu cəhəti Məmməd Cəfər şairə həsr etdiyi monoqrafiyasında xüsusi olaraq qeyd etmişdir .
Əkbər Ağayev “Hüseyn Cavid və onun “Şeyx Sənan” əsəri” məqaləsində Cavidin inqilbadan əvvəlki əsərlərində və görüşlərində olan ziddiyyətləri o dövrün həyatında, real ictimai münasibətlərində olan ziddiyyətləri əlaqələndirir, şairin görüşlərindəki mücərrəd insanpərvərlik, qurtuluşu ümumi məhəbbət ideyasında görmək meylini bədii dildə xəlqiliyin diqqətindən yayınmasına gətirdiyini deyirdi. Onun fikrincə, Cavid dövrünün ictimai-siyasi ziddiyyətlərinin onun yaradıcılığında inikası təbii idi.
Əkbər Ağayev belə nəticəyə gəlir ki, “Cavidin ilk şerlərindən və pyeslərindən başlayaraq aydın hiss olunur ki, bu qüdrətli sənətkar sinifli cəmiyyətin, kapital hökmranlığının doğurduğu eybəcərlikləri, zənginlərin qudurğanlığını, yoxsulların hüquqsuzluğunu görüb duymuş və ziddiyyətin haradan, hansı səbəblərdən doğduğunu özü izah etməyə çalışmışdır. Onun bütün əsərlərindən aydın hiss olunur ki, Cavid həyatın mənasının yaşayıb yaratmaqda, insanların dünyanın bütün nemətlərindən bolluca istifadə etməsində, bütün zövqlərin və gözəlliklərin insana tabe olmasında, bütün xalqların və millətlərin təntənəsinə nail olmaqda görürdü”.
Artıq 60-cı illərdən başlayaraq cavidşünaslıq mərhələ-mərhələ inkişaf etmiş, yeni əsərlərlə zənginləşmişdir. Məmməd Cəfər Cəfərov, Yaşar Qarayev, Səlahəddin Xəlilov, Əjdər İsmayılov kimi tədqiqatçıların Cavid haqqındakı axtarışları bir-birindən nə qədər fərqli olsa belə, daxilən bir-birilərini tamamlayır və mütəfəkkir şair haqqında təsəvvürləri gerçəklik zəminində genişləndirir.
“Azərbaycan ədəbiyyatı tarixi”ndə Məmmədcəfər Cəfərov Hüseyn Cavid haqqında yazmışdır: “Hüseyn Cavid ədəbi fəaliyyətə XX əsr Azərbaycan romantizminin nümayəndəsi kimi başlamış və bu ədəbi cərəyanın istedadlı yaradıcılarından biri olmuşdur. Onun yaradıcılıq yolu çox ziddiyyətli və mürəkkəbdir. 1920-ci ilə qədər H.Cavid yazdığı əsərlərdə zəmanəsindən şikayətçi, inkarçı, başqa həyat arzusu ilə yaşayan, lakin qurtuluş üçün heç bir işıq ucu görə bilməyən, küskün, narazı, narahat bir şairin fəiyadları mövcud ictimai münasibətlərə, ruhani və cismani əsarətə qarşı üsyanları, əsəbi etirazı ifadə olunmuşdur. Bu dövrdə yazdığı əsərlərin çoxunda o, varlıqla çox az hesablaşan və sənətdə əsasən ideal həqiqət axtarıcılığı yolunu tutan romantik – idealist bir sənətkardır” .
Məşhur tənqidçi Məmməd Cəfərin “Hüseyn Cavid” monoqrafiyası əslində elmi cavidşünaslığın inkişafını şərtləndirdi. Müəllif bu sahənin tədqiqində tarixilik prinsipinə əsaslanmış, bundan sonra yazılanlara istiqamət vermişdir.
Mir Cəlalın, Firudin Hüseynovun “XX əsr Azərbaycan ədəbiyyatı” kitabından tarixilik əsas götürülmüşdür. Burada Cavid poeziyasının müxtəlif qatlı, ideya-bədii axtarışlarında humanim xətti bariz göstərilir.
80-cı illərdə Əjdər İsmayılovun “Dünya romantizm ənənələri və Hüsen Cavid” monoqrafiyası çapdan çıxdı. Bu kitabda dünya romantizmində demonizm ənənələrinin H.Cavid irsində davamı və inkişafı məsələləri araşdırılmışdır. Müəllif H.Cavid yaradıcılığının ideya-fəlsəfi, bədii-mifoloji köklərini açıb göstərmiş, sənətkarın aləmindəki milli və ümümbəşəri cəhətləri tədqiq etmişdir. Kitabın ön sözündə H.Cavid “ölməz filosof-şair kimi, xalqımızın bədii düşüncəsini bənzərsiz poetik əsərlərlə romantik bədii formanın inkişafında, tərəqqisində tarixi bir mərhələ – Hüseyn Cavid mərhələsi yaradan bir sənətkar kimi səciyyələndirilmişdir. Burada Hüseyn Cavidin yaradıcılığında idealla gerçəklik arasında həyati təzadların toqquşduğu göstərilir, bu dahi Azərbaycan şairinin poeziyasının əhatəli mündərəcətinə, ülvi amalına görə Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli romantik şairlərin poeziyasına yaxınlığı qeyd edilir”.
Filosof-şairin istedadının demonik-yaradıcı gücü onun romantizmini bənzərsiz zənginliyində təcəssüm tapmışdır. Şairin dünya romantizm poeziyasında yerini aşkarlamaq üçün bu romantizmdə tam dövr açmış Hüseyn Cavid poeziyasının ilkin müxtəlif sənət-estetika tellər içərisində başlıca olaraq demonizm poeziyası araşdırılmışdır.
Son dövrlərdə Cavid irsinin fəlsəfi araşdırılmasına həsr olunmuş tədqiqatlar sırasında professor Səlahəddin Xəlilovun “Cavid fəlsəfəsi” (Bakı, 1996-cı il) və “Cavid və Cabbarlı: müxctəlifliyin vəhdəti” (Bakı, 2001-ci il) əsərləri görkəmli yer tutur. Müəllif bilavasitə fəlsəfə sahəsində elmi fəaliyyət göstərən alimdir. O XX əsr üçün cavid fəlsəfəsinin səciyyəvi xarakter daşıdığın nəzəri cəhətdən inandırıcı şəkildə əsaslandırmışdır. Burada onun nzəri təhlilinin, maraqlı ümumiləşdirici nəticələrinin məhvəri “İblis” mənzum fəlsəfi dramıdır. “Cavid və Cabbarlı” kitabında H.Cavid və C.Cabbarlının ideyalar dünyssı və yaradıcılıq xüsusiyyətləri müqayisəli təhlil edilmiş, eyni zamanda onların ayrı-ayrılıqda fəlsəfi dünyagörüşləri tədqiq olunmuşdur.
Eyni mbvqedən mövzuya yanaşan Yaşar Qarayev Cavidin batini mənəvi dünyasını açmağa çalışmışdır. Şairin sosializm dövrünün keçici zahiri gerçəkliyinə qapılmadan, öz ruhu aləmini yaşadığını mvurğulayır: “Romantik Cavid ən sərt, realist bolşevik gerçəkliyində də məqama xidmət etmədi, taroixi ana – sosializmə ötəri münasibət ifadə eləmədi, “ötüb-keçəcək” epoxaya “ötüb keçən əsərlər” həsr etmədi, özünün içərisindəki həyatı (və bu həyatda kodlaşan milli-etnik taleyi, yaddaşı) təsvir eləməkdə davam etdi.
Cavidin yaradıcılığında “İblis” əsərinin xüsusi yerini dərindən aydınlaşdıran müəlliflərdən biri Əjdər İsmayılovdur. O, xeyirlə şərin mübarizəsininin dramatik təcəssümündə xüsusən zərdüştlük fəlsəfəsindən faydalandığına diqqət edir: “Cavid şeyriyyətində zərdüştilik sisteminin əks-sədası qabarıq şəkildə özünü göstərir. Burada hər zaman işığa, parlaq ideala can atmış ulu babalarımızın saflığı və mərdanəliyi ilə yanaşı, onların ərlikdən gələn psixoloji mürəkkəbliyi, dərinlik, kamillik və ləngərliyinin təsvirni də diqqəti cəlb edir”.
“İblis” əsəri öz dövrünün drammatik tarixi gedişatını ifadə etmək ehtiyacından meydana gəlmişdi. Birinci dünya müharibəsinin xalqlarının ictimai, siyasi, mənəvi həyatında doğurduğu sarsıntıların ifadəsi idi. Bu müdhiş gerçəkliyin insan həyatına gətirdiyi faciələr üzərində şairin gərgin düşüncələrindən doğmuşdu. Bu düşüncə gərginliyi, əlbəttə, ideya acxtarışlarının mürəkkəbliyini şərtləndirmişdi. Xüsusilə XX əsrin əvvəllərində Türkiyənin üzləşdiyi ölüm-qalım şəraiti Cavid ruhunda rahatsızlıq yaratmışdı.
Uzunəsrlik dövlətçilik ənənəsi, şanlı zəfər tarixi olan möhtəşəm türk imperiyası – osmanlı Türkiyəsi özünün son dərəcə dramatik dövrünü yaşayırdı. Xristian avropası uzun müddət bütün dünyanı, xüsusən avropanı lərzəyə salan Osmanlı imperiyasını məhv etməyə fürsət axtarırdı. Belə bir tarixi məqam əslində XX sərin əvvəllərində yetişdi. Xristian Avropası Osmanlı Türkiyəsini yer üzündən silməyə çalışırdı, xristianlığın beşiyi olmuş keçmiş Konstantinopolu (İstanbulu) “xilas” etməyi qarşısına məqsəd qoymuşdu. İstanbul Avropa qoşunlarının tapdağı altında qalmışdı. Ürəyi Türkiyə ilə, türk dünyası ilə, türkçülük ideologiyası ilə bağlı olan Hüseyn Cavid bu faciəyə biganə qala bilməzdi.
Hüseyn Cavid müharibə mövzusuna ötəri tarixi hadisə kimi yanaşmır. Bu ictimai bəlanı doğuran faciələrə səbəb olan mənbələrə nüfuz etmək niyyətindədir. Bunun üçün bir tərəfdən müharibəyə faciəli hadisə kimi baxı, digər tərəfdən I Cahan müharibəsində istər Türkiyənin düşdüyü acınacaqlı vəziyyət, istərsə də bəşəriyyətin keçirdiyi dərin sarsıntılar xeyirlə şərin mübarizəsi mövzusunu belə bir tarixi gerçəkliyin təzadları baxımından canlandırmağa yönəldirli. İblis bu sarsıntılı tarixi mühitin mərkəzində dayanana, bütün təzadları özündə daşıyan bir surətdir. Çıxış yolunu isə müəllif yalnız insanın sağlam ideyasında, sağlam zəkasında araşdırır. Müharibəyə qarşı duran, bütün qüvvəsi ilə müharibəni inkar edən isə Arif surətidir.
Görkəmli tədqiqatçı Əli Sultanlı “Hüseyn Cavidin faciələri” əsərində “İblis” barədə maraqlı mülahizələr irəli sürmüşdür.
Ə. Sultanlı fikrincə, “İblis” əsərini H.Cavid Birinci dünya imperialist müharibəsinin qan püskürən odları içində yazır. Anatol Frans, Romen Rollan, Bernard Şou və başqa Avropa ədibləri kimi, H.Cavid də imperialist müharibəsinin əsl mahiyyətini dərk edə bilmir. O da başqa yazıçılar kimi müharibəyə qarşı qəzəb doğurmağa çalışır. “İblis” faciəsi bu nifrətin və qəzəbin məhsulu idi. Tədqiqatçı bu yerdə Cavidin hadisələrə romantizm prizmasından yanaşdığına işarə edir: “Doğrudur, “İblis”dəki hadisələr Türkiyədə cərəyan edir, ancaq H.Cavid arzu etdiyi hadisələri alır, arzu etdiyi romantik obrazları verir, müharibənin dəhşətli səhnələrini insanın qorxunc təbiətində mücərrədləşdirərək, romantik yolla həll edir” .
Əli Sultanlı iki bir-birinə əks qüvvəni təmsil edən İblis və Mələyin qarşı-qarşıya dayandığını, hər ikisinin müharibənin törətdiyi dəhşətlərdən danışdığını göstərir. İblis bu dəhşətlərin səbəbini insanea görür. Mələk isə İblisi təqsirləndirir ki, insanları aldadıb bəşəriyyət aləmində fyəlakətlər törədir. Arif isə gah allıh, gah insanları, gah kitabları, peyğəmbərləri, qanunları, fəlsəfələri; gah da İblisi təqsirləndirir. Elxanla bağlı səhnədən belə çıxır ki, bu çəkişmələrin, cinayətlərin əsl səbəbi şeyxlər, keşişlər, xaqanlardır. Lakin əsərin sonunda İblis deyilənlərə yekun vuraraq bu dəhşətlərin mənbəyini cəmiyyətdə baş verən haqsızlıqlarda, hiyləgər siyasətçilərdə, ədalətsiz vara-dövlətə susamış, əxlaqsız dövlət başçılarında və din xadimlərində görür.
Beləliklə, “İblis”in leytmotivi, Arif surətinin mahiyyəti imperialist müharibəsi əleyhinə etiraz əsasında qurulmuşdu. Əsərin bu əsas ideyasının özü müsbət hadisə idi. Ancaq Əli Sultanlı “İblis” haqqında eyni zamanda bəzi nəzəri iradlar irəli sürür. O, Cavidi imperialist müharibəsini doğuran başlıca amillərə dərindən nüfuz edə bilməməkdə qınayır. Bu cəhətdən şairin müharibəyə baxışlarının marksist-leninəi nəzəriyyəyə uyğun olmadığın qeyd edir.
Cavid yaradıcılığına baxışlarda Məmmədcəfər Cəfərovun mövzuya yanaşma üsulu daha geniş təsir bağışlayır. O, Caviddə, bir tərəfdən, realist tələblərə cavab axtarmağın qeyri-dəqiqilyini nəzərə çatdırır. Digər tərəfdən, onun yaradıcılığında olan realist motivlərdən uənarda romantizmi mütləqləşdirməyi doğru saymır. Cavid poeziyasında romantizmlə realizmin daxili bağlılığı əslində mövcuddur. Ancaq onda romantik poetik üslub yaradıcılığın ana xəttidir. Bunun üçün şairin bədii axtarışları mahiyyət etibarilə tarixi gerçəkliyə romantik baxışların ifadəsidir. Onun pyeslərinin, o cümlədən “İblis”in təhlilində bu cəhət, şübhəsiz, çıxış nöqtəsi olmalıdır.
“İblis”də məqsəd sadəcə gerçəkliyin zahiri təzadlarını, ziddiyyətlərin üzdə təzahürlərini ifadə etmək deyil. Pyesin qayəsi daha dərindir: zaman axarında bəşər ruhunun öz batinində ziddiyyəti düşüdürməkdir. Dünyada insan əlilə törədilən sarsıntıların səbibi əslində insanın ikili təbiətindən irəli gəlir. İnsanın yaşadığı mühitin, eyni zamanda öz batini varlığının ziddiyyətləri bir-birinə qarışır. Bu mürəkkəb gedişatı mənalandırmaq, bədii-poetik cəhətdən təcəssüm etdirmək, şübhəsiz, asan deyil. Burada surətlərin özlərini bütün təzadları ilə birlikdə canlandırmaq təqdim etmək lazım gəlir. “İblis”in belə mürəkkəbliyinə dərindən nüfuz etmədən, ondan söhbət açmaq özü təzadlara gətirir. Aktyor və rejissor M.Kirmanşahlı xüsusən İblis obrazını təzadlı və anlaşılmaz hesab edərək yazırdı ki, İblisin kim olduğu məlum olmur; əgər bu antik dövr İblisidirsə (ki əvvəlcə mələk idi, dərgahdan qovulduqdan sonra isə İblis mövqeyini işğal etmişdi), bu yalnız bir mövhumatdır; əgər antik dövrün İbilisi deyil, “darvinizm cərəyanında vücuda gələn” “kinli ruhdursa, o zaman nə üçün Götenin “Faust”unda olduğu kimi, başqa bir adla (Mefistofel) deyil, İblis adlanır? Madam ki, Cavidin əsərində İblis özü haqqında “bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim” deyir, demək, o, antik dövrə məxsus olan bir İblisdir. Lakin belə mövhumun bir obrazı yaratmaqda məqsəd nədir? Bu suala cavab olaraq M.S.Kirmanşahlı yazır: “Hərgah Cavidin məqsədi İblisin yalançı qüdrət və əzəmətini göstərməkdirsə, bu heç kimə lazım deyildir”.
“İblis nədir? Cümlə xəyanətlərə bais, ya hər kəsə xain olan insan nədir? İblis!” – deyə mühitin pak ruhları da murdarladığını göstərməkdirsə, o zaman Arifdən başqa pyesin bütün tiplərin, İblis (kinli ruh) yaratmalı idi. Arifi isə ağıllı və xülyapərəst deyil, on altı-on yeddi yaşında sadədil, həyatdan bixəbər, ana himayəsindən yeni çıxaraq mühitə birinci qədəmini qoyan bir cavan yaratmalı idi ki, get-gedə əxlaqının pozulmasından mühitin özü İblis olduğu nəzər çarpmış olaydı”.
Deyildiyi kimi, “İblis”i cəmiyyət həyatında sarsıntılarla dolu bir tarixi şəraitin zərurəti doğurmuşdu. Ancaq tarixin diktə etdiyi poetik mövzu, əlbəttə, real gedişatın bədii təkrarı deyil. Poetik yaradıcılığın xüsusiyyətləri ilə tarixi yaxzmağın xüsusiyyətləri arasında fərqi Aristotel aydın göstərib. Tarixçi olub bitəndən, şair yaradıcı xəyalında dəyişdirdiyi gedişatın necə ola bilməsindən yazır. Tarixçi üzünü keçmişə, şair – gələcəyə çevirir, yəni tarixi öz idealına uyğun mənalandırır. “Bunun üçün poeziya tarixdən daha fəlsəfəçi və daha ciddidir, çünki poeziya daha çox ümiddən danışır, tarix – təkcədən”.
Poeziya ilə tarixin nisbəti haqqında bu müddəa eyni zamanda Cavidə tətbiq edilməlidir. Cavidşünaslığın ilk mərhələlərində bu mühüm metodolji əsası nəzərə almayanlar dolaşıq nəticələrə gəlmişlər. Bu sahədə axtarışlarda anılan metoda yaxınlıq baxımından Abdulla Şaiqin mövqeyi diqqəti çəkir.
Abdulla Şaiqin fikrincə, Cavidbin “İblis”i tamaşaçılara, oxuculara olduqca geniş və yeni bir sahə açır. Cahan müharibəsin6in bədii əks-sədasıf olan bu əsərində şərq və Qərb həyatını, onların ictimai, ruhi və siyasi əhvalını və yaşamaq üçün çırpınana türk xalqının bəxtiyar olmasına əngəl olan bütün səbəbləri maneələri həqiqi və canlı surətdə göstərməyə müvəffəq olmuşdur. Əsərdəki baş qəhrəmanlar Arif, İblis və Elxan həyat həqiqətini poetik ifadə edən tiplərdir. Cavidin bütün əsərləri içində “İblis” qədər həyati və realist bir əsər yoxdur, zənn edirəm”
A.Şaiq Arifi XIX və qismən XX əsrin yetişdirmiş olduğu Azərbaycan xalqının nümayəndəsi və tarixi tipi, İblisi isə Qərb mədəniyyətinin yetişdirdirmiş olduğu tam mənası ilə realist bir tipi kimi səciyyələndirilir. Onun fikrincə İblis bütün qüvvətini və həratənin ağıl və mühakiməsindən alır. İblis həyatın bütün dərinliklərinə girmiş, onu uzun müddət müşahidə və təcrübələrdən keçrmiş; həyat və təbiətində hər şeyi çapıq təbəddülata uğradığından sabit bir ideal, əbədi bir səadət olmadığına inanmış bədbin bir simadır. O, tikici deyil, yaxıcı və yıxıcıdır. İnsani duyğuları, əxlaqı, maraqı inkar edir. Alicənablığa qarşı çox duyğusuzdur. Başqalarının səadət və fəlakəti ilə əylənir; onun dünyada sevdiyi və inandığı heç bir şey yoxdur. Ona görə də hər şeydə nifaq və təzad arar və hər şeyə qara gözlüklə baxar. Aldatmaq, yalan söyləmək onun naturuna pək müvafiq gəlir və bundan bir zövq alır. Vuruşmaq, söyüşmək, yaxmaq, yıxmaq onun qulaqlarında musiqi ahəngi doğurur. İblis kəskin ağla və sarsılmaz iradəyə malikdir. Dodaqlarından uçan hər söz məntiqli, hər bir hərəkət və fəaliyyət ağıl və mühakiməyə uyğundur. Həyatdakı ahəng və intizamı pozmaq üçün plan qurmaqda, məqsədinə irişmək üçün vasitələr və səbəblər hazırlamaqda çox mahirdir. O ağlın inkişafını da yalnız fəna yolda sərf etmək, o uğurda fəaliyyət göstərmək və o sayədə insanlığı heyvanlığa sürükləmək üçün sevir. O, allah, din, fəlsəfə və sufilik kimi şeylərlə əylənir, acı, istehzalı qəhqəhələri, təriz və kinayəli sözləri ilə şiddətli tənqid edir.
Əsərin məzmun və müəllifin qayəsi İblisi bəşəri fikirləri meydana gətirən ciddi amillərin ümumiləşdirilmiş obraz kimi canlandırmaqdır. Bu əsərlə müəllif bütöv insanların mənəvi mühitini, intellektual düşüncəsini dövrün məsələlərinə yönəldir ki, bu da bəşəriliyi ilə bağlıdır.

3 comments: